Heyvan yemlərində aflatoksinin olması təhlükəlidir

Avq 22, 2025 - 16:49
 0  1
Heyvan yemlərində aflatoksinin olması təhlükəlidir

Qida məhsullarının tərkibində yaranan toksiki elementlər insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Aflatoksin də qidanın təhlükəsizliyinə mənfi təsir göstərən zəhərli maddələrdən biridir. Bu toksinin miqdarının normadan yüksək olması insan sağlamlığı üçün xüsusi təhlükə hesab edilir.

Qida və yemdə ən çox rast gəlinən, genotoksik, kanserogen və hepatotoksik xassəyə malik mikotoksinlərdən biri Aflatoksin B1-dir (AFB1). AFB1 insan orqanizminə immunzəiflədici təsir göstərir, həzm sistemi və reproduktiv sağlamlıqla bağlı problemlərin əmələ gəlməsinə səbəb ola bilir. Uzunmüddətli aflatoksinə məruzqalma isə qaraciyər xərçəngi və sirroz kimi xəstəliklərə yol aça bilər.
AFB1 torpaqda, çürüyən bitki qalıqlarında, ot və dənli bitkilərdə inkişaf edən müəyyən kif göbələkləri tərəfindən istehsal olunur. Kif göbələklərinin təsir etdiyi bitkilərə qarğıdalı, darı, buğda və düyü, soya, fıstıq, günəbaxan və pambıq toxumu, ədviyyatlar və qərzəkli meyvələr daxildir.

Heyvan yemlərində aflatoksin B1 ilə çirklənmə ciddi qida təhlükəsizliyi problemidir, əsasən qeyri-düzgün saxlama şəraitindən qaynaqlanır. Heyvan yemlərinin AFB1 ilə çirklənməsinin qarşısını almaq üçün yem xammalının düzgün qurudulması, yem xammalının və yemin müvafiq şəraitdə saxlanması və daşınması, yem emalında istifadə olunan avadanlıqların sanitar-gigiyenik normalara uyğunluğu təmin edilməlidir.

Heyvan yemlərində aflatoksinlərin əsas mənbəyi qarğıdalı unu, pambıq çiyidi unu və yerfıstığı unudur. AFB1-lə çirklənmiş yemlə qidalanan heyvanlarda AFB1 metabolizmə uğrayaraq aflatoksin M1-ə (AFM1) çevrilir və heyvanların südündə AFM1 formasında aşkar edilə bilər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2020-ci il 18 dekabr tarixli 20 saylı Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndirici maddələrin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”na əsasən, çiy süd, termiki emala məruz qalmış süd və süd əsaslı məhsulların istehsalında istifadə olunan süd, eyni zamanda qida formulları (inək südü və ya keçi südündən hazırlanan 1 nömrəli və 2 nömrəli qida formulu daxil olmaqla) və tibbi məqsədlərlə körpələr üçün hazırlanan qida məhsullarında AFM1-in yolverilən maksimum miqdarı tənzimlənib.
Agentlik süd və süd məhsulları emalı müəssisəsələrini, eləcə də təchizatçı şirkətləri təhlükəsizlik qaydalarına əməl etməyə, məhsullarda aflatoksinin yaranmaması üçün normativ aktların tələblərinə riayət etməyə çağırır. Unutmayaq ki, təhlükəsiz heyvan yemi təhlükəsiz insan qidasının əsasını təşkil edir.

Sənin reaksiyan nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Hirsli Hirsli 0
Kədərli Kədərli 0
Vay! Vay! 0