AQTİ qida sahəsində təlilər keçirir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirir. “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlimdə “Nar Şərab”, “Mangal Steak House”, “Zağulba Saray” restoranlarının, “Fly lnn Hotel”in, həmçinin “Xonça” MMC-nin mütəxəssisləri iştirak ediblər.
Bu barədə AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, təlimdə “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq əməkdaşların şəxsi gigiyenası, zərərvericilərə nəzarət, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, qida təhlükəsizliyinin qorunmasında işçilərin şəxsi gigiyenası mühüm rol oynayır.
Daha sonra iştirakçılara mətbəx sahəsində praktiki nümunələr əsasında əyani izahlar təqdim olunub, fiziki, kimyəvi və bioloji təhlükələr, gigiyenik tədbirlər, qida məhsullarının saxlanması və dövriyyəsinə dair tələblər izah edilib.
Sonda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
Sənin reaksiyan nədir?






